Salamlama Məktubları

Ölkəmiz mötəbər beynəlxalq tədbirləri yüksək səviyyədə və böyük peşəkarlıqla təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirmişdir. Azərbaycanın belə genişmiqyaslı və son dərəcə əhəmiyyətli tədbirləri keçirmək üçün müasir infrastruktura malik və təhlükəsizlik baxımından sabit ölkə olması dünya ictimaiyyəti tərəfindən hər zaman müsbət qiymətləndirilir. Bu il ölkəmizdə baş tutacaq dünyanın qlobal xarakterli mötəbər beynəlxalq tədbirlərindən sayılan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 da bunun bariz nümunəsidir. Əminliklə söyləmək olar ki, artıq beşinci dəfədir təşkil olunan “ADEX” sərgisi əvvəlki illərdəki kimi yenə də yüksək səviyyədə keçiriləcəkdir. Müdafiə sənayesi də karbon tullantılarının azaldılması baxımından böyük potensiala malikdir. Hesab edirəm ki, COP29 öncəsi keçirilən “ADEX 2024” sözügedən mövzunun peşəkar müzakirəsi üçün əlverişli platformadır.

“ADEX” dost və müttəfiq ölkələrin tanınmış hərbi sənaye müəssisələri və aparıcı xarici şirkətlər arasında işgüzar əlaqələrin qurulmasında unikal rol oynayır. Bu sərgi dünya silah bazarında ixraca təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq, beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələr imzalamaq üçün geniş imkanlar yaradır. Tədbirdə dünyaca məşhur yüzlərlə şirkət öz məhsullarını nümayiş etdirir. “ADEX” müxtəlif ölkələrin öz müdafiə və müdafiə sənayesi sahələrini gücləndirmələri, istehsal imkanlarını artırmaları, müasir və innovativ vasitələri tətbiq etmələri və təcrübə mübadiləsi aparmaları baxımından önəmli tədbirdir.

Xüsusi qeyd edim ki, Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi məsələlərinə dövlət tərəfindən xüsusi diqqət yetirilir və bu sahələrin daha da inkişafı prioritet istiqamətlərdəndir. Son illərdə ölkəmizin müdafiə sənayesi çox sürətlə inkişaf edir. Mövcud istehsal sahələrinin müasir standartlara uyğun təkmilləşdirilməsi ilə yanaşı, yeni istehsal sahələrinin yaradılması üzrə işlər uğurla həyata keçirilir. Düzgün aparılmış islahatlar nəticəsində ölkəmizdə istehsal edilən müdafiə təyinatlı məhsulların çeşidi artırılmışdır və bu gün Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Həm Azərbaycanın Silahlı Qüvvələri müasir silah növləri ilə təchiz edilir, həm də dünya ölkələrinin müdafiə sənayesi şirkətləri istehsal etdiyimiz məhsullarla yaxından maraqlanırlar. Bir çox dost və müttəfiq dövlətlərlə müdafiə sənayesi sahəsində yeni əməkdaşlıqlar qurulur, mövcud əlaqələr uğurla davam etdirilir. Azərbaycan müdafiə sənayesi sahəsində dinamik inkişafa nail olmaqla hərbi-texniki imkanlarını genişləndirir.

Beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazilərimizin işğaldan azad edilməsində müstəsna rol oynamış Azərbaycan hərbi sənaye kompleksinin gücü və qüdrəti, ölkəmizdə istehsal olunan müasir silahlar da “ADEX” sərgisi çərçivəsində nümayiş olunur. Təsadüfi deyil ki, istər 44 günlük Vətən müharibəsi, istərsə də lokal xarakterli antiterror əməliyyatları zamanı Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsi inkişaf etmiş ölkələrin hərbi mərkəzlərində bu gün diqqətlə öyrənilir.

“ADEX” ilə paralel olaraq, hüquq mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modellərini nümayiş etdirən “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi də keçirilir. Bu sərgidə nümayiş etdirilən məhsulların da iştirakçılar tərəfindən maraqla qarşılanacağına əminəm.

Əziz qonaqlar, bir daha hər birinizi Azərbaycanda görməkdən məmnunluğumu bildirir, bütün iştirakçılara və hər iki sərginin işinə uğurlar arzulayıram!

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin “ADEX” sərgisinə göstərdiyi daimi dəstək, bu tədbirin beynəlxalq müstəvidə nüfuzunun daha da yüksəlməsinə, iştirakçı dövlətlərin və şirkətlərin sərgiyə olan maraqlarının artması və onların sayının ildən-ilə çoxalmasına səbəb olmuşdur. Son illər ərzində özünün güclü müdafiə sənayesinin yaradılması istiqamətində mühüm nailiyyətlərə imza atan ölkəmiz artıq rəqabətədavamlı, yüksək dəqiqliyə malik müasir hərbi təyinatlı məhsullar istehsal edərək həm daxili, həm də xarici sifarişləri yerinə yetirir. Bu davamlı inkişafın əyani nümunəsi olan “ADEX 2024” sərgisi ziyarətçilərin yeni məhsul və texnologiyalarla tanış olmasına, müştərək müəssisələrin yaradılması üzrə beynəlxalq əməkdaşlığa, Azərbaycanın müdafiə sənayesinin elmi və texnoloji potensialının daha da güclənməsinə əlverişli şərait yaradacaqdır.

Müdafiə təyinatlı məhsulların istehsalı və satışı ilə məşğul olan şirkətlərlə yanaşı, daimi müştərilər və yeni alıcılar üçün ənənəvi və əlverişli görüş yerinə çevrilmiş “ADEX” sərgisi beynəlxalq səviyyədə hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsində, müasir silah və texnologiyaların istehsalçısı olan hərbi sənaye müəssisələrinin, xarici və yerli şirkətlərin, o cümlədən bu sahədə ixtisaslaşmış mütəxəssislərin bir araya gəlməsində, onlar arasında işgüzar əlaqələrin qurulmasında və yeni müqavilələrin imzalanmasında əhəmiyyətli rol oynayır. Dünyada cərəyan edən qlobal dəyişikliklər fonunda güclü müdafiə sənayesinin qurulması və inkişaf etdirilməsi hər bir ölkənin prioritet istiqamətlərindən biri olmaqla yanaşı bu sahədə müasir və texnoloji məhsulların yaradılmasını, istehsalını, həmçinin təcrübə mübadiləsinin aparılmasını zəruri edir.

Azərbaycanda müdafiənin təşkilində, asayişin qorunmasında və təhlükəsizliyin təmin olunmasında, cinayətkarlıq və onun transmilli mütəşəkkil növləri ilə mübarizədə yeni texnologiyaların, innovativ vasitələrin tətbiqinə xüsusi diqqət yetirilir. Bu baxımdan, elmin və  texnikanın son nailiyyətlərini ərsəyə gətirən bu cür sərgilərin təşkili böyük əhəmiyyət kəsb edir.

Əminəm ki, “ADEX 2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi işgüzar əlaqələrin inkişafına və mövcud əməkdaşlıq imkanlarının genişləndirilməsinə həmişəki kimi layiqli töhfələrini verəcəkdir.

“ADEX 2024” sərgisinin təhlükəsiz və firavan gələcək üçün müdafiə imkanlarının inkişafına təkan verən və qlobal tərəfdaşlığı gücləndirən böyük bir uğurun göstəricisi olmasını arzu edirəm. Ümid edirəm ki, bu tədbir qlobal müstəvidə sülhün və təhlükəsizliyin qorunmasına töhfə verməklə yanaşı müdafiə imkanlarının müasirləşdirilməsi və yeni nəsil texnologiyaların inkişafı istiqamətində mühüm rol oynayacaqdır.

Bir daha sizi bu əlamətdar tədbir münasibətilə ürəkdən təbrik edir və müvəffəqiyyətlər arzulayıram.



Hörmətlə,

Vüqar Mustafayev
Azərbaycan Respublikasının
müdafiə sənayesi naziri

Müasir beynəlxalq və regional təhlükəsizlik proseslərinin inkişaf meyilləri özünəməxsus xüsusiyyətləri və dinamikası ilə fərqlənir. Bu proseslər ölkələrimizin milli inkişafına, daxili və xarici vəziyyətinə, eləcə də dövlət təhlükəsizliyinə təsirsiz ötüşmür. Dəyişkən beynəlxalq mühitdə yeni təhlükə və təhdidlər ortaya çıxır. Bu təhlükəsizlik çağırışlarına vaxtında adekvat cavab verilməsi, onlara qarşı müqavimət gücünün artırılması üçün müdafiə potensialının gücləndirilməsi zəruridir. Bu baxımdan hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq, müasir texnologiyaların və təhlükəsizlik vasitələrinin inkişaf etdirilməsi kimi məsələlərin aktuallığı gündən günə artır.

Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət və Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının strateji dövlətçilik və idarəçilik siyasətinin fundamental əsaslarını yaratmışdır. Möhkəm bünövrəyə söykənən daxili və xarici siyasət Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək siyasi, hərbi, iqtisadi və digər sahələrdə böyük nailiyyətlərin əldə olunmasına, 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanılaraq Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsinə, eləcə də Azərbaycanın beynəlxalq aləmdə etibarlı dost və tərəfdaş kimi tanınmasına gətirib çıxartmışdır.

Milli mənafeyə və sosial rifaha xidmət edən dayanıqlı inkişaf strategiyası təhlükəsizliyimizin təmini üçün güclü potensial yaratmışdır. Hədəfli dövlət siyasəti nəticəsində Azərbaycan Respublikasının müdafiə sənayesi kompleksi müxtəlif inkişaf mərhələlərindən keçərək iqtisadiyyatımızın prioritet təşkil edən və yüksək texnologiyaların inkişafı baxımından mühüm sektorlarından birinə çevrilmişdir. Bu gün müdafiə sənaye kompleksi Silahlı Qüvvələrimizin maddi-texniki bazasının və bütövlükdə müdafiə potensialımızın gücləndirilməsinə əhəmiyyətli töhfələr verir.

Hazırda Azərbaycan Respublikasının müdafiə sənayesi aparılan islahatlar nəticəsində modern inkişaf dövrünü yaşayır. Bu gün “ADEX-2024” sərgisində Azərbaycan Respublikası tərəfindən nümayiş etdirilən silah və texnika nümunələri dövlətimizin elmi-texniki və sənaye potensialının inkişaf səviyyəsinin göstəricisidir. Nümayiş etdirilən silah və texnikalar 44 günlük Vətən müharibəsində də sınaqlardan uğurla keçmişdir.

“ADEX” sərgisi Azərbaycan və dünya şirkətlərinin müdafiə sənayesi komplekslərinin son nailiyyətlərinin genişmiqyaslı nümayişi, yerli və xarici ekspertlər arasında təcrübə mübadiləsi və səmərəli əlaqələrin qurulmasına unikal imkanlar yaradan ideal platformadır. Bu sərginin keçirilməsini iqtisadiyyatın müdafiə sənayesi sektoru üçün əhəmiyyətli bir hadisə hesab edirəm.

Yekunda sərginin hər zaman olduğu kimi yüksək səviyyədə təşkil ediliyini qeyd etmək istəyirəm. Əminəm ki, “ADEX-2024” sərgisi dünyada sülhün və sabitliyin təmin edilməsinə yönəlmiş beynəlxalq hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinə, yeni işgüzar əlaqələrin qurulmasına və mövcud əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Sərgi iştirakçılarına uğurlar arzu edirəm.



Hörmətlə,

Zakir Həsənov
general-polkovnik
Azərbaycan Respublikasının müdafiə naziri

Hər il keçirilən “ADEX” sərgisi hərbi-texniki əməkdaşlıq sahəsində beynəlxalq əlaqələrin inkişafında əhəmiyyətli rolu olan, müasir silah və texnologiyalar istehsal edən hərbi sənaye müəssisələrini, mütəxəssisləri, aidiyyəti beynəlxalq qurumları bir araya gətirən çox səmərəli və nüfuzlu bir platformadır.

İştirakçı şirkətləri artan və ildən-ilə Azərbaycanda dövlət səviyyəsində dəstəklənən bu layihə, eyni zamanda müdafiə sənayesi nailiyyətlərinin dünyada tanıdılmasına, təşviqinə, elmi və texnoloji potensialın güclənməsinə bilavasitə əlverişli zəmin yaradır.

Ölkəmizdə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, ictimai asayişin və daxili təhlükəsizliyin təmin edilməsi kimi mühüm istiqamətlərdə müvəffəqiyyətlə tətbiq olunan müasir texnologiyalar insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının qorunması işində öz effektivliyini tam təsdiqləmiş və innovasiyaların müsbət nəticələri müvafiq statistik hesabatlarda aydın ifadə olunur.

Qeyd edilənlər, həmçinin əhəmiyyətliliyi baxımından müdafiə sənayesi nailiyyətlərinin məhz Bakı şəhərində təşviqini çox önəmli beynəlxalq tədbir olaraq alqışlayır, sərgilərin açılışı münasibətilə təşkilatçılarını və iştirakçılarını ürəkdən təbrik edir, dəyərli fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram!

“Adex” və “Securex Caspian” hərbi sərgisi müdafiə və təhlükəsizlik sahələrində mühüm hadisə kimi  dünyanın müxtəlif ölkələrindən mütəxəssislərin və maraqlı tərəflərin diqqətini cəlb edir. Bu gün burada silah, təhlükəsizlik vasitələri və hərbi texnikalar sahəsində ən son yeniliklərlə tanış olmağa  şərait yaranıb. İnformasiya təhdidlərinin getdikcə təkmilləşdiyi müasir dünyada informasiya təhlükəsizliyinin və xüsusi kommunikasiyaların əhəmiyyətini hər birimiz anlayırıq. Rabitə sistemləri vasitəsilə hərbi məlumatların etibarlı mübadiləsi üçün informasiya təhlükəsizliyi  mühüm rol oynayır.

Sərgidə dövlət qurumlarına  və özəl şirkətlərə informasiya resurslarının yüksək səviyyədə mühafizəsini təmin etməyə kömək edən qabaqcıl şifrələmə texnologiyaları, kibertəhlükələrdən qorunma vasitələri və monitorinq sistemləri nümayiş etdirilir. “Adex” və “Securex Caspian” sərgiləri ilə eyni zamanda  regionda ilk dəfə olaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Rumıniya Respublikasının İnformatika üzrə Milli Tədqiqat İnstitutun birgə təşkilatçılığı ilə keçirilən, regional təmçiliyi ekskluziv olaraq Xidmətimizə verilmiş “Beynəlxalq Kiberdiplomatiya Konfransı” olduqca aktualdır. Artıq kiberdiplomatiya beynəlxalq münasibətlərin ayrılmaz hissəsinə çevrilib.

Burada ölkələr rəqəmsal infrastrukturlarını qorumaqla yanaşı, həm də kiberhücumların qarşısını almaq üçün əməkdaşlıq qurmağa çalışırlar. Kiberdiplomatiya Konfransında kibertəhlükəsizlik məsələlərinə həsr olunmuş müzakirələr və seminarlar təşkil olunur,  ekspertlər öz təcrübələrini bölüşür və kibertəhlükələrdən müdafiə strategiyalarını müzakirə edirlər. Bu tədbirlər müxtəlif ölkələr və təşkilatlar arasında dialoqun qurulmasına kömək edir, kibertəhlükəsizlik sahəsində beynəlxalq standartların və sazişlərin yaradılmasına töhfə verir. Hərbi sahə ilə kiberdiplomatiya arasındakı əlaqə qlobal tendensiyalar kontekstində xüsusilə aydın görünür. Müasir hərbi münaqişələr getdikcə daha çox kibermüharibəni mühüm komponent kimi əhatə edir. Kiberdiplomatiya səviyyəsində qarşılıqlı fəaliyyət ölkələrə nəinki mümkün kiberhücumlara hazırlaşmağa, həm də kollektiv müdafiə üçün koalisiyalar yaratmağa imkan verir. Bura yeni təhdidlər haqqında məlumat mübadiləsi, birgə təlimlər və ümumi cavab protokollarının hazırlanması daxildir.

Qeyd etməliyəm ki, kritik enerji infrastrukturlarında informasiya təhlükəsizliyinin yüksəldilməsi məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun birgə hazırladığı “Cyber Poligon” layihəsinin NATO-nun Sülh Naminə Elm proqramı tərəfindən təsdiqlənməsi və 2024-cü ilin may ayından etibarən 2 illik müddətə fəaliyyətə başlaması sevindirici haldir. “Cyber ​​​​Poligon” layihəsi dövlət və özəl sektorlar arasında dialoq üçün platforma təmin etməklə kiberdiplomatiyanı gücləndirməyə kömək edəcək. Bu əməkdaşlıq beynəlxalq standartların və ən yaxşı təcrübələrin işlənib hazırlanmasına imkan verməklə yanaşı, kibertəhlükələrlə mübarizə üçün birgə əməkdaşlıq imkanlarını artırır. Qloballaşma və qarşılıqlı əlaqəli rəqəmsal infrastrukturlar şəraitində bu cür səylərin göstərilməsi kiberməkanda sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Gələcəkdə “Cyber ​​​​Poligon” layihəsi qlobal kibertəhlükəsizlik strategiyasının əsas elementinə çevrilmək üçün hər bir imkana malikdir. Təlim, sınaq, innovasiya və beynəlxalq əməkdaşlıq daxil olmaqla layihə kompleks yanaşması ilə rəqəmsal sistemlərin təhlükəsizliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq və beynəlxalq ictimaiyyət arasında kibertəhlükəsizlik məsələlərində etimadı yaratmaq potensialına malikdir.

Beləliklə, “ADEX” və “Securex Caspian” hərbi sərgisi təkcə texniki nailiyyətlərin nümayişi üçün vitrin deyil, həm də kiberdiplomatiya və informasiya təhlükəsizliyi sahələrində beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi platformasıdır.

“ADEX 2024” - 5-ci Yubiley Beynəlxalq Müdafiə  və 14-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə - “Securex Caspian” sərgisinə faydalı təcrübə mübadiləsi və yeni əməkdaşlıq əlaqələrinin qurulması baxımından uğurlar arzulayıram!

İlqar Musayev
General-leytenant
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi

Bu mühüm tədbir, Azərbaycanın müdafiə sənayesi kompleksinin güc və qüdrətini vurğulayaraq müasir hərbi təyinatlı məhsulları nümayiş etdirir. 

Bu il ADEX sərgisi əlamətdar bir tarix qeyd edir – 5 illik yubileyini. Bu illər ərzində sərgi, ölkələr arasında hərbi-texniki əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verərək, qlobal müdafiə sənayesinin və yerli istehsalatın nailiyyətlərini nümayiş etdirmək, müdafiə müəssisələri və dövlət qurumları arasında qarşılıqlı əlaqəni təşviq etmək və sənaye liderlərinin ənənəvi görüş yeri olmaqla qabaqcıl bir platformaya çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin davamlı dəstəyi və diqqəti bu sərginin inkişafında mühüm rol oynayır. 

Bu il ADEX sərgisi sahəsinin 10% artımını nümayiş etdirərək Bakı Ekspo Mərkəzinin bütün ekspozisiya sahələrini əhatə edir. Sərgi 30-dan çox ölkədən 250-dən çox iştirakçını bir araya gətirir və onlar quru, dəniz, aerokosmik müdafiə sistemlərini və kibertəhlükəsizlik həllərini təqdim edirlər. Bir sıra ölkələr milli pavilyonlarla iştirak edir, o cümlədən Azərbaycan, müdafiə sənayesinin innovativ və müasirləşdirilmiş məhsullarını nümayiş etdirəcək. Sənaye mütəxəssisləri üçün ikitərəfli görüşlər, startup təqdimatları, panel müzakirələri və konfranslar əhatə edən bir işgüzar proqram hazırlamışıq. ADEX 2024 sərgisinin sponsorlarına göstərdikləri dəstəyə görə təşəkkürümüzü bildiririk. 

30-dan çox ölkə ADEX-də iştirak etmək üçün nümayəndə heyətlərini göndərib, bu da beynəlxalq ictimaiyyətin marağını göstərir və Azərbaycanın mühüm strateji tərəfdaş kimi əhəmiyyətini bir daha təsdiqləyir. 

Biz illər boyu ölkəmiz üçün bu əhəmiyyətli tədbirin təşkilində iştirak etməkdən qürur duyuruq və Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən bu sərgi üçün bizə göstərilən etimad və dəstəyə görə minnətdarlığımızı bildiririk.  

Bu fürsətdən istifadə edərək, hamını ADEX-in ildönümü münasibətilə təbrik edirəm və bütün iştirakçılara və qonaqlara uğurlu və səmərəli sərgi, yeni müqavilələrin imzalanması və qlobal təhlükəsizliyin təmin olunması naminə əməkdaşlıq arzulayıram. 


Fərid Məmmədov
Caspian Event Organisers şirkətinin Baş direktoru